Ümrəyə hazırlaşanların ən çox narahat olduğu məsələlərdən biri dualardır. Qrup görüşlərində hər dəfə eyni suallar qalxır: əzbərləməyə vaxtım yoxdur, səhv tələffüz etsəm nə olacaq, hansı şövqdə hansı dua oxunur. Bu narahatlığın cavabı çoxlarını rahatlaşdırır. Ümrənin yerinə yetməsi üçün uzun dua mətnlərini əzbər bilmək şərt deyil.
Vacib olan niyyət, təlbiyə və əməllərin öz ardıcıllığıdır. Dualar isə qəlbin işidir. Aşağıda ehrama girməkdən başlayaraq hər mərhələdə nə oxunduğunu, nəyin vacib, nəyin müstəhəb olduğunu sadə dildə izah edirik.
Ehrama girərkən: niyyət və təlbiyə
Niyyət ürəkdə tutulur, dil ilə də ifadə etmək olar. Çox oxunan forma belədir:
Allahümmə inni üridül-umrətə, fə yessirhə li və təqəbbəlhə minni. Mənası: Allahım, mən ümrə etmək istəyirəm, onu mənə asanlaşdır və məndən qəbul et.
Niyyətdən sonra təlbiyə başlayır. Təlbiyə ümrənin ən tanınmış zikridir və mikatdan Məkkəyi-Mükərrəməyə qədər yol boyu təkrarlanır:
Ləbbeyk Allahümmə ləbbeyk. Ləbbeykə lə şərikə ləkə ləbbeyk. İnnəl-həmdə vən-nimətə ləkə vəl-mülk, lə şərikə lək.
Kişilər təlbiyəni səslə oxuyur, qadınlar isə yalnız özünün eşidəcəyi səviyyədə. Təlbiyəni necə və harada oxumağa başladığınız mikatla bağlıdır, bu barədə mikat və ehrama giriş yazımızda ətraflı yazmışıq.
Təlbiyə nə vaxta qədər davam edir?
Ümrə edən zəvvar təlbiyəni təvafa başlayana qədər oxuyur. Həcərül-Əsvədin qarşısına gəlib salam verildiyi andan təlbiyə kəsilir, təvafın öz zikrləri başlayır. Avtobusda, otel otağında, Məscidül-Həramın yolunda təkrar etmək olar, bunun üçün ayrıca vaxt şərti yoxdur.
Kabeyi-Muazzaməni ilk dəfə görəndə
Bu an üçün hamıya məcburi olan konkret mətn yoxdur. Bir çox alim ilk baxışda edilən duanın qəbuluna dair rəvayətlərə əsaslanaraq həmin anda dayanıb dua etməyi tövsiyə edir. Ona görə də qapıdan keçəndə telefonu çıxarmaq əvəzinə bir neçə dəqiqə sakit durmaq daha faydalıdır. Nə deyəcəyinizi əvvəlcədən düşünmüsünüzsə, bu dəqiqələr boş keçmir. Bu barədə Kəbəni ilk dəfə görəndə nə etmək lazımdır yazımız var.
Təvaf zamanı hansı dualar oxunur?
Təvaf Həcərül-Əsvədin bərabərindən başlayır. Başlayarkən deyilən ifadə qısadır:
Bismillah, Allahu Əkbər. Bəzi rəvayətlərdə əlavə olunur: vəl-həmdü lillah, vəs-salətü vəs-saləmü alə rəsulillah.
Kitabçalarda hər şövq üçün ayrı dualar verilir. Bu dualar alimlərin tərtib etdiyi seçimlərdir, vacib deyil. Yeddi şövqün hər biri üçün ayrı mətn tapıb oxumağa çalışan zəvvar çox vaxt kağıza baxmaqdan təvafın özünü hiss etmir. Daha rahat yol: hər şövqdə sakit zikr etmək, ailə üzvlərinin adlarını bir-bir çəkmək, lazım olanı istəmək. Təvafda buraxılan digər səhvləri bu yazıda toplamışıq.
Rükni-Yəmani ilə Həcərül-Əsvəd arasında
Təvafın son hissəsində, yəni Rükni-Yəmani küncündən Həcərül-Əsvədə qədər olan məsafədə oxunan dua Quranda keçən ayədir:
Rabbənə atinə fid-dünya həsənətən və fil-axirəti həsənətən və qinə azabən-nar. Mənası: Rəbbimiz, bizə dünyada da yaxşılıq ver, axirətdə də yaxşılıq ver və bizi atəş əzabından qoru. (Bəqərə, 201)
Qısa olduğu üçün bu ayəni əzbərləmək çətin deyil və yeddi şövqün hamısında həmin hissədə təkrarlanır.
Məqami-İbrahim, zəmzəm və Mültəzəm
Təvaf bitəndən sonra Məqami-İbrahimin arxasında iki rükət namaz qılınır. Qələbəlik olanda Məscidül-Həramın istənilən boş yerində qılmaq olar, mütləq Məqamın tam arxasında dayanmaq şərt deyil. Namazdan sonra zəmzəm içilir, su içərkən dua etmək müstəhəbdir.
Mültəzəm Kabeyi-Muazzamanın qapısı ilə Həcərül-Əsvəd arasındakı hissədir və orada dua etmək fəzilətli sayılır. Ancaq həmin sahə günün çox vaxtı sıx olur. Qadınlar və yaşlılar üçün o izdihama girmək real risk yaradır, ona görə də uzaqdan dua etmək kifayətdir.
Səfa və Mərvədə nə oxunur?
Səfa təpəsinə çıxanda Kabeyi-Muazzamaya tərəf dönülür və bu ayə oxunur:
İnnəs-Səfa vəl-Mərvətə min şəairillah. Mənası: Həqiqətən, Səfa və Mərvə Allahın nişanələrindəndir. (Bəqərə, 158)
Sonra təkbir və təhlil edilir, əllər qaldırılıb şəxsi dua oxunur. Hər şövqdə Səfa və Mərvəyə çatanda bu təkrarlanır. Səyin texnikası, şövqlərin sayılması və yaşıl işıqlı hissə barədə səy haqqında yazımızda ətraflı məlumat var.
Öz dilində dua etmək olar?
Olar. Ayə və hədislərdən gələn zikrləri öz dilində oxumaq məsələsində alimlərin fərqli yanaşması var, lakin şəxsi istəkləri, yəni övlad, şəfa, borc, iş, bağışlanma kimi duaları insanın öz dilində etməsi məsələsində geniş razılıq mövcuddur. Azərbaycanca dua edən zəvvarın duası daha az dəyərli deyil. Təcrübə göstərir ki, anladığı dildə dua edən insan daha uzun və daha səmimi dua edir.
Qələbəlikdə dua etməyin praktik tərəfi
- Duaları və adları səfərdən əvvəl kiçik dəftərə yazın. Telefonda qeyd saxlamaq da işləyir, ancaq batareya bitə bilər.
- Kimin üçün dua edəcəksinizsə, siyahını əvvəlcədən hazırlayın. Haramda yadınıza düşməyən adlar sonra peşmançılıq yaradır.
- Təvaf və səy zamanı dayanıb dua etmək axını kəsir. Hərəkət edərək dua etmək həm daha rahatdır, həm də arxadakılara mane olmur.
- Səs ucadan olmasın. Ətrafdakıların öz namazı və zikri var.
- Dua kitabçasını əlində tutub oxumaq istəyirsinizsə, kiçik formatlı olanı seçin.
Məzhəb fərqi barədə qeyd
Təlbiyənin nə vaxt kəsilməsi, təvafın əvvəlində əlin öpülüb-öpülməməsi, Səfada əllərin qaldırılma şəkli kimi təfərrüatlarda Hənəfi, Şafi, Maliki və Hənbəli məzhəbləri arasında fərqlər var. Bu yazıda ümumi və hamı üçün keçərli olan hissələr verilib. Təfərrüatda öz məzhəbinizin qaydasına və qrupla gedən din xadiminin göstərişinə əməl edin.
Ən çox verilən suallar
Duaları bilmirəmsə ümrəm keçərli olmurmu?
Keçərli olur. Ümrənin rüknləri ehram, təvaf, səy və saç kəsməkdir. Dualar bu əməllərin savabını artırır, ancaq onların keçərliliyi üçün şərt deyil.
Təlbiyəni səhv tələffüz etsəm nə olar?
Qəsdən olmayan tələffüz səhvi ümrəyə zərər vermir. Səfərə qədər bir neçə dəfə səsli təkrar etsəniz, dil öyrəşir. Qrupdakı din xadimindən düzgün oxunuşu dinləmək də kömək edir.
Təvaf zamanı Quran oxumaq olar?
Olar. Təvafda zikr, dua və Quran oxunuşu edilə bilər. Telefondan oxumaq da qadağan deyil, ancaq əlində telefon tutanda diqqət dağılır və insan axının içində yavaşıyır.
Başqası üçün dua etmək olar?
Olar və geniş yayılmış adətdir. Valideynlər, xəstələr, vəfat edənlər, qohumlar üçün dua etmək olar. Bunun üçün ayrıca icazə və ya niyyət tələb olunmur.
Dua edərkən ağlamaq normaldırmı?
Tamamilə normaldır. Çox zəvvar Kabeyi-Muazzamanı ilk görəndə özünü saxlaya bilmir. Bunu utanc hesab etmək lazım deyil, Haramda ətrafdakıların hamısı bu hissi tanıyır.
Yol üçün hazırlıq
Dua ilə bağlı sualların böyük hissəsi səfərdən əvvəl bir dəfə oturub oxumaqla həll olunur. Qrup rəhbərinin və din xadiminin olduğu təşkil edilmiş səfərdə isə hər mərhələdə yanınızda izah edən adam olur. 2026-2027 mövsümü üçün tarixlərə və paketlərin içindəkilərə ümrə ziyarəti turları səhifəsindən baxa bilərsiniz.
Sualınız varsa və ya tarixləri dəqiqləşdirmək istəyirsinizsə, 077 333 34 44 nömrəsi ilə əlaqə saxlayın.
