Ümrə dörd əməldən ibarətdir: ehrama girmək, Kabeyi-Muazzamanı təvaf etmək, Səfa ilə Mərvə arasında say etmək və saçı qısaltmaq. Bütün ziyarət təxminən üç-beş saat çəkir, izdihamdan asılı olaraq daha uzun da ola bilər.
Aşağıda hər addım ardıcıllıqla izah olunub. Səfərdən əvvəl bir dəfə oxusanız, orada nə edəcəyinizi bilərək gedərsiniz.
Addım 1. Ehrama girmək
Ehram ziyarətin başlanğıcıdır və miqat adlanan sərhəddən keçməzdən əvvəl geyilməlidir. Miqatı ehramsız keçmək olmaz.
Bakıdan birbaşa Ciddəyə uçursunuzsa, ehramı təyyarədə geyinirsiniz. Ekipaj miqata yaxınlaşdıqda elan edir. Bir çox zəvvar isə rahat olsun deyə ehramı hələ Bakıda, aeroportda geyinir və təyyarədə yalnız niyyət edir. Qrupunuzun bələdçisi hansı variantı seçdiyinizi əvvəlcədən deyəcək.
Əvvəlcə Mədinəyi-Münəvvərəyə gedən qruplar üçün miqat Şəcərə məscididir, buna Zülhüleyfə və ya Abyar Əli də deyilir. Orada dayanılır və ehram həmin məsciddə bağlanır.
Ehramdan əvvəl edilənlər
- Qüsl almaq, mümkün deyilsə dəstəmaz
- Dırnaqları kəsmək, artıq tükləri təmizləmək, üzü qırxmaq
- Ətir vurmaq (ehrama girməzdən əvvəl caizdir, girəndən sonra yox)
- Kişilər tikişsiz iki ağ parça geyinir, qadınlar adi örtülü geyimində qalır
- İki rükət namaz qılmaq
- Niyyət etmək və təlbiyə demək
Təlbiyədən sonra ehram halı başlayır və ziyarət bitənə qədər davam edir.
Addım 2. Ehramda qadağan olunanlar
Ehram halında olan adamın bir sıra adi hərəkətləri müvəqqəti olaraq qadağandır:
- Saç, dırnaq və tük kəsmək
- Ətir və ətirli sabun istifadə etmək
- Kişilər üçün tikişli paltar, corab, başı örtmək
- Qadınlar üçün üzü örtmək və əlcək geyinmək
- Ov etmək və heyvana zərər vermək
- Mübahisə, söyüş, cinsi yaxınlıq
- Nikah bağlamaq
Bu qadağalar sadəcə formal qaydalar deyil. Ehram halı insana bir neçə saat ərzində gündəlik vərdişlərindən uzaqlaşmağı öyrədir. Bu tərəfi barədə Ümrəyə gedərkən ediləcək mənəvi hazırlıqlar yazımızda ətraflı danışmışıq.
Addım 3. Məscidül-Hərama daxil olmaq
Məscidə sağ ayaqla daxil olunur və dua edilir. Kabeyi-Muazzamanı ilk dəfə görəndə dayanıb dua etmək müstəhəbdir, çünki o an duanın qəbul olunduğu vaxtlardandır.
Bir çox zəvvar bu anı gözlədiyindən çox fərqli yaşayır. Nə edəcəyinizi bilmirsinizsə, Kəbəni ilk dəfə görəndə nə etmək lazımdır yazımıza baxın.
Addım 4. Təvaf
Təvaf Kabeyi-Muazzamanın ətrafında yeddi dəfə dolanmaqdır. Hər dövrəyə şövt deyilir.
- Başlanğıc nöqtəsi Həcərül-Əsvəddir. Yerdə qəhvəyi xətt var, oradan başlanır
- Kabeyi-Muazzama həmişə sol tərəfinizdə qalır, hərəkət saat əqrəbinin əksinədir
- Hər dövrədə Həcərül-Əsvədin qarşısına çatanda sağ əllə işarə edib «Bismillah, Allahu Əkbər» deyilir
- Yeddinci dövrə Həcərül-Əsvədin qarşısında bitir
Həcərül-Əsvədi öpməyə çalışmaq şərt deyil. İzdihamda insanlar bir-birini itələyir və bu davranış ziyarətin ruhuna uyğun gəlmir. Uzaqdan işarə etmək kifayətdir.
Kişilər üçün iki əlavə əməl
İztiba ehramın bir ucunu sağ qoltuğun altından keçirib sol çiyinə atmaqdır, sağ çiyin açıq qalır. Rəməl isə ilk üç dövrədə qısa addımlarla sürətli getməkdir. Hər ikisi yalnız kişilərə aiddir və yalnız ümrə təvafında edilir.
Rüknül-Yəmani ilə Həcərül-Əsvəd arasında «Rəbbəna atinə fid-dünya həsənə» duası oxunur. Qalan dövrələrdə isə istədiyiniz duanı, öz dilinizdə də edə bilərsiniz. Xüsusi dua kitabçasından oxumaq məcburi deyil.
Addım 5. Təvaf namazı və zəmzəm
Təvaf bitəndən sonra Məqami-İbrahimin arxasında iki rükət namaz qılınır. İzdiham olduqda məscidin istənilən yerində qılmaq olar, məcburi olaraq Məqamın düz arxasında dayanmaq lazım deyil.
Namazdan sonra zəmzəm içilir. Zəmzəm quyusunun suyu məscidin hər yerində termoslarda mövcuddur.
Addım 6. Say
Say Səfa ilə Mərvə təpələri arasında yeddi dəfə gedib-gəlməkdir. Səfadan başlayır, Mərvədə bitir.
- Səfadan Mərvəyə getmək bir şövt sayılır
- Mərvədən Səfaya qayıtmaq ikinci şövt sayılır
- Beləcə yeddi şövt tamamlanır və sonuncusu Mərvədə bitir
Yolun ortasında iki yaşıl işıq var. Kişilər həmin aralıqda sürətli gedir, qadınlar adi addımla davam edir.
Say məsafəsi bir istiqamətdə təxminən 450 metrdir, yeddi şövt üçün ümumilikdə üç kilometrə yaxın yol edir. Yaşlı və ya xəstə zəvvarlar üçün təkərli kürsü xidməti var, orada yerində kirayə etmək olur.
Addım 7. Təraş və ya təqsir
Sonuncu əməl saçın kəsilməsidir. Kişilər ya başı tamamilə qırxdırır (həlq), ya da saçı qısaldır (təqsir). Qadınlar saçlarının ucundan barmaq ucu qədər kəsir, artıq kəsmək lazım deyil.
Bundan sonra ehram halı bitir və qadağalar aradan qalxır. Ümrə tamamlanmış sayılır.
Məzhəblərə görə fərqlər
Ümrənin hökmü məzhəbdən asılı olaraq dəyişir. Hənəfi və Maliki məzhəblərində sünnə, Şafii və Hənbəli məzhəblərində fərz sayılır.
Cəfəri məzhəbinə görə ümreyi-müfrədədə saydan və təqsirdən sonra Nisa təvafı və onun namazı da yerinə yetirilir.
Bu yazı ümumi ardıcıllığı izah etmək üçündür. Konkret hallarda öz məzhəbinizin qaydalarına və qrupunuzla gedən din xadiminin göstərişinə əməl edin. Qrupumuzda hər zəvvarın yanında təcrübəli bələdçi olur və hər addım yerində izah edilir.
Nə vaxt etmək daha rahatdır
Təvaf və say gün ərzində istənilən vaxt edilə bilər, amma izdiham saatdan-saata ciddi dəyişir.
- Ən rahat vaxt sübh namazından sonrakı bir-iki saatdır
- Gecə saat 23:00-dan sonra da izdiham azalır
- Ən ağır vaxtlar günorta və şam namazlarından sonrakı saatlardır
- Cümə günü və Ramazan ayında bütün gün sıx olur
Birinci mərtəbə ən sıx yerdir. Yuxarı mərtəbələrdə və damda daha rahat təvaf etmək olur, amma bir dövrə daha uzun çəkir.
Praktiki xırdalıqlar
- Ayaqqabınızı parça torbaya qoyub özünüzlə aparın, ayaqqabı rəflərində itir
- Telefonunuzu ehramın altındakı kəmərdə saxlayın, cibiniz olmayacaq
- Su butulkasını özünüzlə gəzdirin, məscid böyükdür
- Qapı nömrəsini yadda saxlayın və ya şəklini çəkin, geri qayıdanda lazım olacaq
- Qrupla görüş yerini əvvəlcədən dəqiqləşdirin, məsciddə bir-birinizi tapmaq çətindir
Ümrədən sonra
Ümrə bitəndən sonra Məkkəyi-Mükərrəmədə və Mədinəyi-Münəvvərədə ziyarət yerlərinə gedilir. Bizim proqramda Məkkəyi-Mükərrəmədə 18, Mədinəyi-Münəvvərədə 10 ziyarət yeri var və hamısı paketə daxildir.
Səfərdən əvvəl hazırlığın praktiki tərəfini Ümrəyə getməzdən əvvəl diqqət ediləcək xüsuslar yazımızda toplamışıq. Tarixlər və qiymətlərlə Ümrə ziyarəti turları səhifəsində tanış ola bilərsiniz, suallarınız üçün 077 333 34 44 nömrəsinə zəng edin.
